Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Monteneqro təmsilçisi “Deçiç”lə üz-üzə gəlib.
Finlandiya klubu bu rəqiblə ilk oyununu evdə keçirmiş və 1:0 hesablı qələbəyə sevinmişdi. Səfərdə baş tutan cavab görüşündə isə Helsinki təmsilçisi 1:2 hesabıyla məğlub olub. Ümumi hesab bərabər olduğuna görə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün penaltilər seriyasına müraciət edilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Finlandiya təmsilçisi pley-offa vəsiqə qazanıb – 4:3.
Ozan bu görüşə start heyətdə başlayıb. O, fasilədə – hesab 1:1 olarkən əvəzlənib.
HJK Konfrans Liqasının pley-offunda Farer adalarının “Klaksvik” komandası ilə üz-üzə gələcək. İlk oyun avqustun 22-də Farer adalarında, cavab görüşü ayın 29-da Finlandiyada təşkil olunacaq.
Xatırladaq ki, son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bir neçə gün öncə HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində hələlik 2 oyun keçirib, fərqlənə bilməyib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


