Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 26-cı turu çərçivəsində keçirilmiş “Qroningen”lə oyunun iştirakçısı olub.
“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olmuş Kökçü bu dəfə fərqlənə bilməyib.
Sonuncu dəfə ötən ilin dekabr ayında qələbə qazanmış “Eyndhoven” yeddi oyundur 3 xala həsrətdir. Komanda son oyunlarında 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. “Eyndhoven” cari mövsümdə qazandığı 32 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 65 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


