Ozan Can Kökçü SJK ilə matçda şans qazanmadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi HJK növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 2025-ci il mövsümünün 2-ci turu çərçivəsində SJK ilə üz-üzə gəlib.

Helsinki təmsilçisi səfərdə baş tutan bu matçın yekununda 0:1 hesablı məğlubiyyətə üzülüb.

Ozan bu görüşün sonunadək ehtiyatda qalıb.

Ardıcıl ikinci məğlubiyyətini almış HJK hazırda 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 25 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: