Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 19-cu turu çərçivəsində baş tutan “Utrext”in gənclərdən ibarət komandası ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 5:2.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının sonuncu qolunu məhz Ozan vurub. O, 90+3-cü dəqiqədə fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdirib. Bununla da millimizin üzvü cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb. Ozan 33-cü və 86-cı dəqiqələrdə vurduqları qollarda da məhsuldar ötürmə müəllifi olub və matçın ən yaxşısı seçilib.
“Eyndhoven” cari mövsümdə qazandığı 29 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 58 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə edib.


