Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 31-ci çərçivəsində keçirilmiş “Maastrixt”lə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib.
Ozan Can Kökçü bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb. Komandasının sonuncu qolunu da Azərbaycan yığmasının üzvü vurub. O, 85-ci dəqiqədə fərqlənməklə həm matçda yekun nəticəni müəyyənləşdirib, həm də cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
“Eyndhoven” cari mövsümdə keçirdiyi 31 oyuna 47 xal toplayıb və 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.


