Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 29-cu çərçivəsində keçirilmiş “Alkmaar”ın ikinci komandası ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşün 56-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.
“Eyndhoven” cari mövsümdə keçirdiyi 30 oyuna 47 xal toplayıb və 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında məhz “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.


