Ozan Can üçün 82 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 9-cu turu çərçivəsində baş tutan “Dordrext”lə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. Bu, sözügedən komandanın ardıcıl üçüncü heç-heçəsidir.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib. O, sadəcə 57-ci dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

“Eyndhoven” 9 oyuna topladığı 19 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: