Ozan Kabak “Liverpul”an ayrıldı

Futbol üzrə Türkiyə millisinin müdafiəçisi Ozan Kabak İngiltərənin “Liverpul” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Bu ilin əvvəlində Almaniyanın “Şalke” klubundan 6 aylıq icarəyə götürülən futbolçunun müqaviləsinin müddəti bitib. “Liverpul” onu saxlamağa ehtiyac duymadığından, Ozan da müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıtmalı olub. Halbuki, İngiltərə klubu onu satınalma şərti ilə icarəyə götürmüşdü.

Ozan sosial şəbəkə hesabında “Liverpul”la belə vidalaşıb: “Buraya gəldiyim ilk gündən etibarən mənə göstərdiyiniz diqqət və dəstək üçün təşəkkür edirəm. “Liverpul”da keçirdiyim dörd ay boyunca karyeram adına önəmli bir təcrübə qazandığımı düşünürəm. Baş məşqçu Yurgen Klopp və bütün komanda yoldaşlarımdan çox şey öyrəndim. Bu özəl bir ailənin bir parçası olmaq qürurverici idi”.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Ozan Kabak, 2019-cu ildə İstanbul təmsilçisindən ayrılaraq “Ştutqart”a transfer olunmuşdu. Amma bu komandada cəmi yarım mövsüm keçirdikdən sonra onu “Şalke” transfer etmişdi. 21 yaşlı türk futbolçu “Liverpul”da cəmi 13 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: