Patrik Andrade: “Hamımızın məqsədi eynidir”

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Ağdam klubunun rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, bu gün başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son iki yoxlama oyunu barədə fikirlərini bildirib:

“Hazırlıq prosesinin həm Bakı, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi. Hamımızın məqsədi eynidir. UEFA Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyrik. Ümid edirəm ki, bu əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Şabab Əl-Əhli” ilə matçlarda istədiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacağam”.

Kabo-verdeli yarımmüdafiəçi komandasının məqsədinə toxunub və azarkeşlərə səslənib: “Hədəfimiz hər zaman olduğu kimi, böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.

Qeyd edək ki, “Qarabağ”ı qarşıda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllüttariq təmsilçisi “Linkoln”la oyunlar gözləyir. Bu komandalar arasındakı ilk oyun iyulun 23-də, saat 20:00-da rəqib meydanında – “Europe Point” stadionunda baş tutacaq. Cavab görüşü isə bir həftə sonra Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna da saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: