“Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade Kabo Verde milli komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun qrup mərhələsinin son turunda Misir yığması ilə görüşün iştirakçısı olub.
Qrup mərhələsindəki ilk iki oyunu zədə səbəbindən buraxan “Qarabağ”ın futbolçusu nəhayət ki, bu matçda iştirak edə bilib. Patrik 2:2 hesabıyla bitən oyuna start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.
Bu heç-heçə ilə Kabo-Verde millisi qrupu 7 xalla birinci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun pley-off mərhələsinə yüksəlib.
Patrik Andrade 2023-cü ilin iyul ayından “Qarabağ”ın formasını geyinir. O, cari mövsümdə Ağdam klubunun heyətində 24 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Andrade 2020-ci ilin avqustundan 2022-ci ilin yayına qədər də “Qarabağ”da çıxış edib. O, həmin dövrdə də 70 oyuna çıxıb, 12 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Patrik ötən mövsümün əvvəlində “Qarabağ”dan ayrılaraq Serbiyanın “Partizan” klubuna üz tutsa da, mövsüm bitən kimi yenidən Ağdam təmsilçisinə qayıtmağa qərar vermişdi. Yarımmüdafiəçi “Çerno More”, “Sportinq” (Praya), “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib. Futbolçu ölkəsinin yığma komandasında da 18 oyuna çıxıb.


