“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Ağdam klubundan ayrılıb. Arena.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçinin Azərbaycan çempionu ilə Avstriya toplanışına yollanmaması onun bu klubdan ayrılmasının təsdiqi idi.
Onun komandanın düşərgəsinə qayıdacağına cüzi ümid olsa da, artıq Andrade özü də sosial şəbəkə hesabında “Qarabağ”dan ayrıldığını təsdiqləyib. 29 yaşlı yarımmüdafiəçi “İnstagram”dakı vida paylaşımında bunları yazıb:
“Yaşadıqlarım və xoşbəxt olmalı olduğum fürsətlər üçün minnətdaram. İki ildə öyrəndiyim, inkişaf etdirdiyim və kəşf etdiyim hər şey üçün komanda yoldaşlarıma, azarkeşlərə təşəkkür edirəm. Təşəkkürlər, “Qarabağ” ailəsi. Sizi izləməyə davam edirəm”.
Patrikin xanımı da sosial şəbəkə hesabında “Qarabağ” və Azərbaycanla vidalaşıb. O da hər şeyə görə təşəkkür edib.
Xatırladaq ki, Patrik Andrade 2020-ci ilin avqustundan “Qarabağ”da çıxış edirdi. O, Ağdam klubunda keçirdiyi iki mövsüm ərzində 70 oyuna çıxıb. Kabo Verde milli komandasının üzvü Ağdam təmsilçisində 12 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Andradenin karyerasını Serbiyada davam etdirməsi gözlənilir. Serbiya mətbuatının yaydığı məlumata görə, kabo-verdeli yarımmüdafiəçi Belqrad “Partizan”ı ilə anlaşıb. O, azad agent kimi bu klubla 3 illik müqavilə bağlayacaq. Məlumata görə, Andrade bu gün Belqrada gedərək, tibbi baxışdan keçəcək, sonra tərəflər arasında müqavilə imzalanacaq.
Andrade “Qarabağ”a Bolqrıstanın “Çerno More” komandasından gəlmişdi. O, daha öncə “Sportinq Praya”, “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib. Futbolçu ölkəsinin yığma komandasında da 11 oyuna çıxıb.


