Bu yay “Qarabağ”dan azad agent kimi ayrılmış yarımmüdafiəçi Patrik Andrade bundan sonra “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” bu gün daha bir futbolçunun transferini reallaşdırıb. Bölgə təmsilçisu Patrik Andrade ilə 1+1 illik müqavilə imzalayıb.
Kabo Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb.
O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivo da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib.
Andrade 2020-ci ilin oktyabr ayında debüt etdiyi Kabo Verde yığmasının heyətində 29 oyuna çıxıb, fərqlənə bilməyib.
Xatırladaq ki, bu, “Araz-Naxçıvan”ın yay fasiləsi zamanı beşinci transferdir. Sözügedən klub daha öncə Bar Kohen, Ba-Muaka Simakala, Çarlz Boli və Bruno Frankonu da heyətinə qatmışdı. Naxçıvan təmsilçisi Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb. Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodriqes, Ramon Maçado, Elçin Mustafayev və Turan Vəlizadə ilə də yeni müqavilə imzalanıb.


