Pedro Bikalyo “Qarabağ”la bağlı hədəflərini açıqladı

Azərbaycan çempionu “Qarabağ”ın yeni transferi, braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo Ağdam klubunun rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, yarımmüdafiəçi yeni kluba keçidi barədə fikirlərini paylaşıb:

“Qarabağ”ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik. “Qarabağ” regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.

Pedro Bikalyo hədəflərinə də toxunub: “Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və bir parçasına çevrilməyə çalısacağam. Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacağam. Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir. Məqsədimiz əvvəlki illərdə olduğu kimi, avrokuboklarda uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir. Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq. Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və kubokda güclü rəqiblərimiz olacaq. Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq”.

Xatırladaq ki, Pedro Bikalyo “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması ayın 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: