Peşəkar Futbol Liqasının Praqada işgüzar səfərdə olublar

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyada işgüzar səfərdə olublar. Arena.az xəbər verir ki, onlar Avropa Liqalarının 46-cı Baş Assambleyasında iştirak ediblər.

Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunmuş tədbirə Avropanın 34 ölkəsindən 40 liqanın 80-dən çox nümayəndəsi qatılıb.

Görüşün ilk günündə PFL rəsmiləri Avropa Liqalarının icraçı direktoru Cakko Svart ilə təkbətək görüş keçiriblər. Görüş zamanı PFL-in 2013-cü ildən beynəlxalq qurumun tam hüquqlu üzvü olması, son 1 ildə isə əməkdaşlığın daha da yaxşılaşdırılması, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfərin ilk günündə PFL rəsmiləri iki seminara da qatılıblar. Həmin seminarlarda liqaların ümumi vəziyyəti, 2024-2027-ci illəri əhatə edən proqramlar müzakirə olunub. Bundan başqa futbolda maliyyə dayanıqlılığı mövzusunda müzakirələr aparılıb, digər ölkələrin təcrübəsi öyrənilib.

Avropa Liqalarının Baş Assambleyası səfərin son günündə reallaşıb. İspaniya La Liqasının prezidenti Xavyer Tebasın çıxış etdiyi yekun görüşdə Danimarka, Norveç, İngiltərə, İtaliya kimi ölkələrin nümayəndələri də təcrübələrini bölüşüblər.

Qeyd edək ki, səfər zamanı Peşəkar Futbol Liqasının nümayəndələrinin tədbirdə iştirak edən bir sıra liqaların rəhbərliyi ilə təkbətək görüşü də baş tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: