Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi bu gün səhər saatlarında Xankəndi şəhərinə gedərkən yolda avtomobil qəzasına düşüb.
Arena.az xəbər verir ki, hadisə Ağdam rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə sürücü Rəsul Qafarlı və avtomibildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər. Onlardan başqa avtomobildə olan digər şəxslər də müxtəlif xəsarətlər alıblar. “Trend” qəzaya düşənlərin vəziyyətini açıqlayıb:
Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) – Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;
Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) – Hər iki ayaq pəncəsinin əzilməsi;
Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) – L1 fəqərənin kompression sınığı;
Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) – Sağ diz oynaqğının əzilməsi;
Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) – Sağ diz nahiyə əzilməsi;
Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) – Burunun küt travması.
Xəsarət alanların hamısı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Daha sonra xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının əməkdaşlarıdır. Belə ki, Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev isə bu qurumun vitse-prezidentidir. İlkin məlumata görə, onlar dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçına hazırlıqla əlaqədar Xankəndi şəhərinə gedirmişlər.


