Premyer Liqa klubu iflasa uğradı – “Tambov” elitadan gedir

Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən “Tambov” klubu iflasa uğrayıb.

Arena.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xəbərdə klubun Premyer Liqadan kənarlaşdırılacağı bildirilir. İddiaya görə, hazırda “Tambov”un əsas komandasında 9 oyunçu qalıb, onlardan da ikisi qapıçıdır. Digər futbolçular isə sənədlərini götürüblər və azad agent statusu əldə ediblər.

Klubun ümumi borcu təxminən 360 milyon rubldur. Bu məbləğin demək olar ki, yarısı futbolçuların maaşıdır. Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatası kluba maddi problemlər üzündən transfer qadağası qoyub.

Komandanın baş məşqçisi Sergey Pervuşin kollektivin məşqə çıxmadığını və veriləcək qərarları gözlədiklərini bildirib.

Qeyd edək ki, “Tambov” 19 turdan sonra 13 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.