19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) üzvü Pünhan Qasımzadə Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, U-19 millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün mübarizəyə başlayacaq.
İlk rəqibimiz Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyundan əvvəl son məşqini “Ribnjak” İdman Arenasında keçirən komandamızın üzvü Pünhan Qasımzadə federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bu turnirin hazırlığına martın 16-dan başlamışıq. Bakıda 8 günlük təlim-məşq toplanışı keçirdik. Baş məşqçimiz bu müddətdə əsasən fiziki məşqlər və taktiki çalışmalar üzərində işləməyi tapşırdı. Faydalı bir hazırlıq prosesi oldu. Ən əsası, zədələnən olmadı. Hazırlıq zamanı 2 oyun keçirdik. Onlardan biri yoxlama, digəri Yüksək Liqanın qarşılaşması idi. Xüsusilə də lider “Baku Fire” ilə görüşümüz daha maraqlı keçdi. Ardıcıl 2 oyun keçirməyimizdə məqsəd bu turnirdəki sıx oyun qrafikinə uyğunlaşmaq və güclü rəqiblərə qarşı hazır olmaq idi. Yanvarda Avropa çempionatının ilkin mərhələsində iştirak edən heyətlə müqayisədə 2 dəyişiklik var.
Bu gün uzun yol yorğunluğuna baxmayaraq, oyunöncəsi son məqşimizə çıxdıq. Bu dəfə sırf taktiki gedişlər və standart vəziyyətlərin icrası üzərində işlədik. Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır.
Qrup oyunlarına gəldikdə, ilk rəqibimiz Bosniya və Herseqovinadan olan həmyaşıdlarımızdır. Bilirik ki, bizi gərgin qarşılaşma gözləyir. İlkin mərhələdəki rəqiblərimizlə bu komandaları müqayisə etmək olmaz. Ona görə daha məsuliyyətli və ciddi olmalı, mümkün qədər az səhv etməliyik. Təbii ki, rəqiblərə hörmət edirik, ancaq biz də bura uğurlu nəticə qazanmaq üçün gəlmişik”.


