“Qəbələ” Almaniya klubu üzərində əzmkar qələbəyə sevindi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” Antalyadakı hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Almaniyanın “Lukenvalde” komandası ilə qarşılaşıb.

İki gün əvvəl Rumıniyanın “Sepsi” klubu görüşən (2:2) əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev bu dəfə start heyətində bir neçə gənc futbolçuya da şans verib. Azərbaycan komandası matçı aşağıdakı “11-lik”lə başlayıb: Kristof Atanqana, Ruan Renato, Hüseyn Mürsəlov, Feras Abu Akal, Asif Məmmədov, Ramon Maçado, Gülağa Əsədov, Omar Hani, Felipe Santos, Andrey Strijak, Nicat Əliyev.

Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı Almaniya təmsilçisi açıb. Buraxılan qoldan sonra fəallığı artıran “qırmızı-qaralar” Gülağa Əsədovun fərqlənməsi ilə hesabı bərabərləşdirib. Fasiləyə bu hesabla yollanan komandaların heyətində dəyişiklər də olub. İkinci yarıda daha üstün oynayan qəbələlilər Ramon Maçado və Felipe Santosun qolları ilə iki top önə keçiblər. Almaniya təmsilçisi bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, “qırmızı-qaralar” Antalya toplanışında ilk əzmkar qələbəsini qazanıb – 3:2.

Xatırladaq ki, “Qəbələ” toplanış çərçivəsindəki son matçını yanvarın 16-da Çexiya “Teplitse”sinə qarşı keçirəcək.

Matçdan sonra Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında matçı belə dəyərləndirib:

“Antalya toplanışında ikinci görüşümüz idi. Əvvəlki qarşılaşmada az oynayanlara daha çox şans verməyi fikirləşmişdik. Düşünürəm ki, faydalı oldu. Bu qarşılaşma komandanı həmin ritmə daha da yaxınlaşdıracaq. Fikrimizdə bu matçda gəncləri daha çox sınamaq idi. Yaxşı perspektivli futbolçularımız var. Onlar gələcəkdə komandanın əsas üzvlərinə çevrilə bilərlər. Lakin onlar öz üzərində daha çox işləməlidir ki, həmin səviyyəyə çatsınlar”.

Yoxlama oyunu
14 yanvar

“Qəbələ” – “Lukenvalde” (Almaniya) 3:2
Qol: Gülağa Əsədov, 30. Ramon Maçado, 57. Felipe Santos, 70.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: