“Qəbələ” “Araz-Naxçıvan”la “sülh”ə razılaşdı

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Qəbələ” bu gün “Araz-Naxçıvan”la yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

Görüşdə yığmaların düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Oyun qarşılıqlı hücumlarla keçib. Hər iki komanda qol imkanları yaratsa da, rəqib qapısına yol tapa bilməyib. Beləliklə, Premyer Liqa təmsilçilərinin Qəbələ şəhər stadionundakı dueli qolsuz heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, bu matçdan sonra hazırlığını doğma arenada davam etdirəcək “qırmızı-qaralar” çempionatın 6-cı turunda “Turan Tovuz”un qonağı olacaqlar. “Araz-Naxçıvan” isə növbəti çempionat matçında “Neftçi” ilə üz-üzə gələcək.

Matçdan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov heç-heçəni belə şərh edib:

“Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yükləmişdik və bunun fonunda onları iş başında bir daha yoxladıq. Xoş atmosferdə keçdi oyun. Görüşü zədəsiz başa vurduq. Hər iki hissədə maraqlı hücumlarımız alındı, hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni bunların üzərində 4-5 gün isləməyimizə baxmayaraq, nəticə pis deyildi.

Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: