“Qəbələ” Boluda Şimali Makedoniya klubu ilə qarşılaşacaq

2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” Boluda təşkil olunmuş təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 7-ci gününü başa vurublar.

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. İlk məşq fitnes zalda baş tutub. Günün ilk yarısındakı hazırlıqda futbolçular fiziki təmrinləri yerinə yetiriblər. Meydanda baş tutan günün ikinci məşqi toplu və topsuz çalışmalardan ibarət olub.

Yeri gəlmişkən, Qəbələnin eyniadlı təmsilçisinin qardaş ölkədəki yoxlama oyunlarında sonuncu rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaqlar. Bu matç iyulun 19-da baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

“Qostivar”ın əsası 1998-ci ildə qoyulub. Bu klub eyniadlı şəhəri təmsil edir. 2022-2023-cü illər mövsümündə ikinci dəstədə 2-ci yeri tutan komanda Şimali Makedoniyanın ən güclülərinin mübarizə apardığı birinci liqaya vəsiqə qazanıb.

Xatırladaq ki, Boluda artıq iki yoxlama oyunu keçirmiş “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.

Komandanın Türkiyə toplanışı iyulun 20-nə qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: