“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, əyalət klubu qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onların 2022/23 mövsümündə “qırmızı-qara” formada çıxış etməyəcəyi diqqətə çatdırılıb.
2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicat Mehbalıyevin icarə müddəti başa çatıb. O, 2021/22 mövsümündə “qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib. Müqavilə ilə “Sabah”a məxsus olan futbolçu öz klubuna qayıdıb.
Ehtiram Şahverdiyevlə başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015/16 mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.
“Qəbələ” İdman Klubu Mehbalıyevlə Şahverdiyevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib. Hər iki futbolçuya gələcək karyeralarında yeni-yeni uğurlar arzulanıb.


