“Qəbələ” “Sepsi” üzərində qələbəni əldən verdi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, yanvarın 4-dən qardaş ölkədə hazırlıq keçən “qırmızı-qaralar” ilk sınağında Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gəlib.

Əsası 2011-ci ildə qoyulan “Sepsi” Rumıniya kubokunun və Super Kubokunun son qalibidir. Rəqib ötən mövsüm Liqa 1-də 7-ci yeri tutub. Cari çempionatın geridə qalan 21 oyununda 32 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.

“Arcadia Sports Senter”in meydançasında baş tutan bu qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start verilib. Azərbaycan klubunun start heyətində aşağıdakı futbolçular yer alıblar: Səlahət Ağayev, Ürfan Abbasov, Məqsəd İsayev, Murad Musayev, Feras Abu Akal, İsnik Alimi, Asif Məmmədov, İlkin Qırtımov, Rövlan Muradov, Ülvi İsgəndərov, Emil Səfərov.

Matç məhsuldar alınıb. Elmar Baxşıyevin çalışdırdığı komanda iki dəfə önə keçdiyi bu oyunda qələbəni əldən verib – 2:2. Azərbaycan təmsilçisindən qolları 7-ci dəqiqədə Ülvi İsgəndərov və 66-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. Əyalət klubunda 83-cü dəqiqədə Ruan Renato qırmızı vərəqə ilə meydandan qovulub.

Baş məşqçi Elmar Baxşıyev matçdan sonra fikirlərini açıqlayıb: “Yaxşı, intensiv oyun alındı. Hər iki komanda meydanda ən yaxşı keyfiyyətlərini göstərməyə çalışırdı. Əlbəttə, optimal formada deyilik. Amma gündən-günə komanda o formaya yaxınlaşacaq. Antalyada təşkil olunan təlim məşq toplanışı yaxşı keçir. Futbolçular məşqlərdə səylə çalışırlar. Qarşıda bizi ağır oyunlar gözlədiyini bilirlər. Transferlərlə bağlı yenilik yoxdur. Bəzi mövqelərə, daha çox hücuma meylli yeni oyunçuların olması mütləqdir. Rafael Utziq xəstə olduğu üçün komandaya qoşulmayıb. Qarşıdakı günlərdə onun durumuna aydınlıq gələcəyinə ümid edirik. Mövsümün ikinci yarısı üçün hədəfimiz barədə danışmayacam. Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq”.

Xatırladaq ki, “Qəbələ” Antalyada daha iki yoxlama matçına çıxacaq. Bu komanda yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da isə Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: