Bu mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən ölkə çempionu “Qarabağ” avrokuboklarda rekordu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.
Ağdam klubu Bolqarıstanda “Ludoqorets”ə qalib gəldiyi (əsas vaxt – 3:2) 3-cü təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.
Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın “Lans” (1977/1978), Kiprin “Omoniya” (2016/2017) və Belarusun “Dinamo” (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda dörd dəfə fərqləniblər.
Qeyd edək ki, “Ludoqorets” səddini uğurla keçmiş “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb. Azərbaycan çempionu bu gün Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə ilk pley-off matçına çıxacaq. Bu rəqiblə ilk qarşılaşma Zaqrebdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.


