Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində sonuncu – altıncı matçına çıxıb.
Arena.az xəbər verir ki, H qrupunda yer almış Azərbaycan çempionu doğma meydanda İsveçin “Hakken” komandası ilə qarşılaşıb.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Albaniyadan olan hakimlər briqadası idarə edib.
“Hakken” ilk dəfə vəsiqə qazandığı Avroliqanın qrup mərhələsində uğursuz çıxışı ilə diqqət çəkirdi. Komanda buna qədər keçirdiyi bütün oyunlardan məğlub ayrılmışdı. Elə Azərbaycan çempionu ilə ev oyunu da bu komandanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Bu üzdən də onlar ən azından son turda xal və ya xallar qazanmağa ümid edirdilər. Amma təmsilçimiz Avropa Liqasında qalmaq və pley-offa vəsiqə qazanmaq üçün bu rəqibinə mütləq qalib gəlməliydi. Əks halda komandamızın Avroliqanı tərk edib, mübarizəni Avropa Konfrans Liqasında davam etdirməsi ehtimalı vardı.
Düzdür, bu gün H qrupunun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”ə (Almaniya) uduzsa, Bakıdakı matçın istənilən nəticəsi təmsilçimizi növbəti mərhələyə çıxaracaqdı. Lakin işi şansa buraxmamaq üçün Qurban Qurbanovun yetirmələri doğma meydanda baş tutan qrup mərhələsinin son matçından mütləq qalib ayrılmalıydı. Bunun həm ölkə, həm də klubun öz reytinqinə müsbət təsiri də xüsusi qeyd olunmalıdır.
Qarşılaşmaya gəlincə, elə ilk dəqiqədə hesabı açan Ağdam təmsilçisi fasilə ərəfəsində daha bir qol vurmağa nail olub. İkinci hissədə Marko Veşoviçin meydandan qovulması komandamızın işini çətinə salsa da, qələbə hesabını qorumaq mümkün olub. Hətta Bədavi Hüseynovun son dəqiqələrdəki avtoqola da qələbəyə mane olmayıb. Qrupun digər oyununda da “Bayer” “Molde”yə doğma meydanda 5:1 hesabıyla qalib gəlib. Nəticədə Almaniya nəhəngi qrup mərhələsini maksimum nəticə ilə ilk pillədə başa vurub. Azərbaycan çempionu isə ikinci yerlə pley-offa vəsiqə qazanıb.
Bununla da Qurban Qurbanovun çalışdırdığı kollektiv Avroliqanın pley-offuna vəsiqə qazanan ilk Azərbaycan komandası olub. Komandamızın pley-offdakı rəqibi dekabrın 18-də atılacaq püşkatmada bəlli olacaq. Potensial rəqiblər UEFA Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş komandalardır.
Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
“Qarabağ” – “Hakken” 2:1
Qollar: Leandro Andrade, 1. Yassin Benzya, 45+4 – Bədavi Hüseynov, 90+4-öz qapısına.
Qırmızı vərəqə: Marko Veşoviç, 56.
Baş hakim: Yucin Caya (Albaniya).
Baş hakimin köməkçiləri: Doyando Miftari, Reydi Avdo (Albaniya).
Dördüncü hakim: Olsion Yzeyray (Albaniya)
VAR: Luka Payretto (İtaliya).
AVAR: Valerio Marini (İtaliya).
Hakim inspektor: Alan Mario Sant (Malta).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya (2. Mateus Silva, 60), 8. Marko Yankoviç (66. Patrik Andrade, 89), 10. Abdullah Zubir (k) (19. Redon Cica, 89), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 85), 18. Olavio Juninyo (27. Toral Bayramov, 85), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakken: 26. Peter Abrahamson, 4. Ayham Usu, 5. Even Hovland, 10. Ali Yussef (33. Con Pol Dembe, 70), 11. Samuel Qustafson (k), 13. Simon Sandberq (8. Abdulrazaq İshaq, 63), 17. Eduard Çilufya, 18. Mikkel Riqaard (16. Pontus Dabho, 46), 21. Tomas Totland, 23. Mamadu Sonko (9. Ola Kamara, 82), 27. Romeo Amane.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 19. Srcan Hrstiç, 25. Abdulaye Faye, 35. Siqqe Yansson.
Baş məşqçi: Per Matias Hoqmo.
Xal: Bayer – 18. Qarabağ – 10. Molde – 7. Hakken – 0.


