“Qarabağ” – “Bayer” matçının biletləri satışa çıxarılır

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Qarabağ” – “Bayer” oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu qarşılaşmanın biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışda olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

  • Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
  • “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
  • Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Xatırladaq ki, “Qarabağ” – “Bayer” oyunu noyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək. Oyuna saat 21:45-də start veriləcək.

Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu isə bu gün Leverkuzendə baş tutacaq. 3-cü tur çərçivəsində keçiriləcək səfər matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Geridə qalmış 2 turdan sonra həm “Bayer”in, həm də “Qarabağ”ın 6 xalı var. Almaniya təmsilçisi daha yaxşı top fərqinə görə ilk pillədə qərarlaşıb.

H qrupunda bu iki komandadan başqa Norveçin “Molde” və İsveçin “Hakken” klubları da mübarizə aparır. Lakin bu iki komanda hələ xal hesabını aça bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: