Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə start verib.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinə 1-ci təsnifat mərhələsindən başlayıb.
Komandamız bu mərhələnin ilk oyununda Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub. “Viktoriya” stadionunda baş tutan oyunu Latviyadan olan FIFA referisi Vitali Spasyonnikov idarə edib.
“Linkoln” geridə qalan mövsümdə Cəbəllüttariq çempionatı çərçivəsində keçirdiyi 20 oyundan 17-də qalib gəlib. 1 heç-heçəsi olan kollektiv, 2 görüşdə də məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 197-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 66-cı sırada olduğunu da vurğulayaq.
Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ilk matçı kimi tarixə düşüb. Ağdam təmsilçisi bu duelin aşkar favoriti sayılırdı. Təmsilçimiz cütün taleyini səfərdə həll etmək məqsədi güdürdü. Amma qarşılaşmada hesabı ilk hissədə meydan sahibləri açıblar. Komandamızın bərabərlik qolunu ilk saatın tamamına yaxın Redon Cica vurub. Son saniyələrdə isə Yassin Benzya səhnəyə çıxmaqla komandasının əzmkar qələbəsini rəsmiləşdirib. Yeri gəlmişkən, bu, onun Ağdam klubundakı ilk qolu kimi tarixə düşüb.
Bu komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul
Linkoln – Qarabağ 1:2
Qollar: Kike Qomes, 25 – Redon Cica, 58. Yassin Benzya, 90+4.
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
Cəbəllüttariq. “Viktoriya” stadionu.
Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi (4. Samson Ajayi, 55), 20. Mustafa Yahaya, 66. İtan Britto (7. Li Kasyaro, 64), 10. Liam Uoker (99. Santi Luke, 64), 9. Kike Qomes, 11. Xuampe (19. Xuan Penya, 73).
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton.
Baş məşqçi: Xavi Munyos.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç (2. Qara Qarayev, 87), 10. Abdullah Zubir, 15. Leandro Andrade (11. Adama Diakabi, 87), 99. Redon Cica (7. Yassin Benzya, 61), 90. Nəriman Axundzadə (17. Hamidu Keyta, 61).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.


