Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə start verəcək.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinə 1-ci təsnifat mərhələsindən başlayacaq.
Komandamız bu mərhələnin ilk oyununda Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olacaq. “Viktoriya” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ilk matçı kimi tarixə düşəcək. Ağdam təmsilçisi bu duelin aşkar favoriti sayılır. Təmsilçimiz cütün taleyini səfərdə həll etmək üçün çalışacaq.
“Linkoln” geridə qalan mövsümdə Cəbəllüttariq çempionatı çərçivəsində keçirdiyi 20 oyundan 17-də qalib gəlib. 1 heç-heçəsi olan kollektiv, 2 görüşdə də məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 197-ci pillədədir. Müqayisə üçün “Qarabağ”ın bu siyahıda 66-cı sırada olduğunu da vurğulayaq.
Bu oyunu Latviyadan olan FIFA referisi Vitali Spasyonnikov idarə edəcək. Ona yan xətt hakimləri Raymond Tatrik və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Aleksandr Anufriyev yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul
19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
Cəbəllüttariq. “Viktoriya” stadionu.


