Azərbaycanı UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.
Arena.az bu barədə PFL-in mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Ağdam təmsilçisi qitənin bir nömrəli klub turnirinin pley-offuna daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL 2024/2025 mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 görüşün təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” – “Qarabağ” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınan qarşılaşmanın tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı dəyişiklik yoxdur.
Xatırladaq ki, Azərbaycan çempionu ötən gün səfərdə Bolqarıstanın “Ludoqorets” komandasına 7:2 hesabıyla qalib gəlib. 3-cü təsnifat mərhələsinin ilk oyununda bu rəqibinə doğma meydanda uduzmuş Ağdam klubu iki oyunun nəticəsinə əsasən 8:4 üstün olub və ÇL-in pley-offuna vəsiqə qazanıb. Qurban Qurbanovun yetirmələrini pley-offda Xorvatiya nəhəngi “Dinamo” (Zaqreb) ilə oyunlar gözləyir. İlk oyun avqustun 20-də Zaqrebdə, cavab matçı isə ayın 28-də Bakıda baş tutacaq.
Sonda onu da qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə ardıcıl iki qələbə ilə başlayıb. Ağdam klubu hazırda 6 xalla liderdir. “Şamaxı” isə ilk 2 turdan sonra 1 xalla 7-ci sırada qərarlaşıb.


