“Qarabağ” Konfrans Liqasında qrup liderliyini əldən verdi

“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya” ilə qarşılaşıb.

H qrupunda yer alan və ötən tur pley-offa vəsiqəni təmin edən Ağdam klubu Kipr təmsilçisi ilə Bakıda üz-üzə gəlib. Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına stadionda baş tutan görüşdə növbəti qələbəsini rəsmiləşdirməyə çalışıb. Qarşılaşmada hesabı qonaqlar açıblar. İlk hissə məhz “Omoniya”nın qələbəsiylə bitib. Fasilədən dərhal sonra Ağdam təmsilçisi hesaba tarazlıq gətirib. İkinci hissənin ortalarında rəqib azlıqda da qalıb. Qurbanovun komandası bu üstünlükdən matçın son dəqiqələrində yararlana bilib və hesabda önə keçib. Amma 90-cı dəqiqədə qapıçı Şahruddin Məhəmmədəliyevin çox irəli çıxdığını görən qonaq komandanın futbolçusu mərkəz xəttindən baxımlı qola imza atmaqla qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib. Beləcə, “Qarabağ” bu oyundan xal itkisi ilə ayrılıb.

Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub. Səfərdən 3:2 hesablı qələbə ilə qayıdan İsveçrə təmsilçisi qrup liderliyini ələ keçirib. Bu komandanın xalı “Qarabağ”la eyni olsa da, daha çox qol vurduğu üçün zirvədə qərarlaşıb. Qrup birincisinin kimliyinə son turda baş tutacaq “Bazel” – “Qarabağ” matçında aydınlıq gələcək. İsveçrə təmsilçisinə heç-heçə də bəs edəcəksə, Ağdam klubunu yalnız qələbə qane edəcək.

Avropa Konfrans Liqası
H qrupu
25 noyabr

Qarabağ – Omoniya 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43. X.Qomes, 90.
Qırmızı vərəqə: Kiko, 65.
Baş hakim: Morten Krox (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Omoniya: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Duriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Xaralambos Xaralampus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos.
Ehtiyat oyunçular: 74. Kasper Çorazka, 4. Abdullahi Şehu, 8. İyayi Atimvenn, 13. Fotis Papulis, 15. Tomaş Huboçan, 16. Xordi Qomes, 17. Yan Leçkyaks, 21. Marinos Tzionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu.
Baş məşqçi: Henninq Berq.

Xal durumu: Bazel – 11, Qarabağ – 11, Omoniya – 3, Kayrat – 1.