“Qarabağ” bir müddət Azərbaycan Premyer Liqasındakı ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ağdam klubu PFL-ə rəsmi müraciət ünvanlayıb. Klub “Azərsun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib. Klubun müraciətini, “Azərsun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL 6-cı turun “Qarabağ” – “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən bu komandanın ev oyunlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.
Xatırladaq ki, Azərbaycan çempionu bu mövsüm avrokubok oyunlarında da rəqiblərini məhz mərkəzi arenada qəbul edir.
“Azərsun Arena”dakı yenidənqurma işlərinin nə vaxta qədər davam edəcəyi məlum deyil.



