Avropa Liqasının pley-off mərhələsində Lyublyana “Olimpiya”sı ilə qarşılaşacaq “Qarabağ”ın Sloveniyaya səfər proqramı açıqlanıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu rəqibinə qarşı ilk oyununu avqustun 24-də məhz Lyublyanada keçirəcək.
Ağdam klubu avqustun 23-də səfərə yollanacaq. Komandanı aparacaq təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacaq. Həmin gün ağdamlılar qarşılaşmanın baş tutacağı “Stojitse” stadionunda son məşqi keçirəcəklər. Məşq prosesi Bakı vaxtı ilə saat 21:30-a planlaşdırılıb. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
Xatırladaq ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab qarşılaşması isə ayın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


