“Qarabağ” – “Olimpiya” matçına satılmış biletlərin sayı açıqlandı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyununa bilet satışı davam edir.

Arena.az xəbər verir ki, artıq Azərbaycan və Sloveniya çempionlarının Bakıda baş tutacaq cavab görüşü üçün satışa çıxarılmış biletlərin 15 500-ü satılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bu, dünən axşama olan məlumatdarı. Oyuna hələ üç gün qaldığını və Avroliqanın qrup mərhələsinə vəsiqə baxımından həlledici xarakter daşıdığını nəzərə alsaq, qalan biletlərin də tam satılacağını ehtimal etmək olar.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələrini bir daha xatırladırıq:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

“Qarabağ” – “Olimpiya” matçı avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu komandalar arasında Lyublyanada keçirilmiş ilk oyun Ağdam klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: