Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Öncədən bu oyunun “CBC Sport”da canlı nümayiş etdiriləcəyi açıqlanmışdı. Hətta sözügedən telekanal bir neçə gün idi bununla bağlı anonslar da verirdi. Lakin Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib və bu oyunun “İdman Azərbaycan” kanalında göstərilməsinə razılıq verib.
Beləliklə, tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər.
Xatırladaq ki, avqustun 24-də Lyublyanada keçirilmiş ilk oyunun yayım hüququna malik olan “İdman TV” matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanmışdı. Həmin matçın yayımı ilə bağlı yaranmış problem ciddi narazılığa səbəb olmuş, hətta Ağdam klubu ilə “İdman TV” bir-birini ittiham etmişdi.
Sabah – avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Olimpiya” matçına saat 20:00-da start veriləcək.


