UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, artıq bu oyuna 15 500 bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Oyuna hələ bir neçə gün qaldığını nəzərə alsaq, bu göstəricidə artım olacağı şübhə doğurmur.
Xatırladaq ki, “Qarabağ” – “Rakuv” matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Cavab matçına saat 20:00-da start veriləcək. Bu komandaların Polşada baş tutan ilk matçında Azərbaycan çempionu 2:3 hesabıyla məğlub olmuşdu.
Qeyd edək ki, Bakıdakı cavab matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), eləcə də Ağdam klubunun “Park Bulvar”dakı fan-şopundan (11:00-dan 20:00-a qədər) almaq olar.
“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” komandasına hər iki oyunda qalib gələrək 2-ci raunda yüksəlib. Komandamız səfərdə 2:1, Bakı Olimpiya Stadionunda baş tutan ev oyununda isə 4:0 hesabıyla qalib gəlmişdi.
“Rakuv” da startda Estoniya “Flora”sını hər iki oyunda məğlub edib – evdə 1:0, səfərdə 3:0.
Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə Kipr “Aris”inin güclüsü ilə qarşılaşacaq. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Potensial rəqiblər də məlumdur: HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu.
UEFA Çemponlar Liqasında 3-cü təsnifat mərhələsində ilk oyunları 8-9, cavab görüşləri 15 avqustda keçiriləcək. Avropa Konfrans Liqasında isə 3-cü raundun ilk görüşləri 10, cavab matçları 17 avqustda baş tutacaq.


