“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Cəbəllüttariqin “Linkoln” klubu 1976-cı ildə yaradılıb.
Arena.az xəbər verir ki, ləqəbi “qırmızı iblislər” olan “cırtdan” ölkə təmsilçisi ev oyunlarını 5 000 tamaşaçı tutumuna malik “Viktoriya” stadionunda keçirir.
1981/1982 mövsümündən etibarən yüksək liqada çıxış edən komanda 27 dəfə Cəbəllüttariq çempionu olub və bu göstəricidə ölkə rekordçusudur. “Qarabağ”ın rəqibi 2003-2016-cı illər aralığında ardıcıl 14 dəfə ölkəsinin çempionu olmaqla da özündən söz etdirib.
Klub UEFA reytinqində 197-ci pillədədir. Müqayisə üçün “Qarabağ”ın bu siyahıda 66-cı sırada olduğunu da vurğulayaq.
“Linkoln” Azərbaycan klublarının avrokuboklarda üz-üzə gələcəyi ilk Cəbəllüttariq təmsilçidir. İndiyə qədər təmsilçilərimizin yolu bu ölkənin komandaları ilə kəsişməyib.
Klubun prezidenti Dilan Viaqasdır. Kollektivə ispaniyalı mütəxəssis Xavi Munyos rəhbərlik edir. Komandanın kapitanı Roy Çipolinadır. Hansı ki, o, Cəbəllüttariq yığmasında da sarğını daşıyır. Komandanın ən təhlükəli oyunçusu isə Xuanfridir. 33 yaşlı ispan forvard son mövsümdə 11 qolla liqanın ən yaxşı bombardiri olub. Bundan başqa, həmyerlisi Kike Qomes 6 qol vurub və komandanın ikinci bombardiridir. Ümumiyyətlə, komandanın 9 futbolçusu və baş məşqçisi İspaniyadandır.
“Linkoln” geridə qalan mövsümdə keçirdiyi 20 oyundan 17-də qalib gəlib. 1 heç-heçəsi olan kollektiv, 2 görüşdə də məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Qarabağ”la Cəbəllüttariq çempionu arasında ilk görüş 11-12 iyulda, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.



