“Qarabağ”da Marko Veşoviç və Marko Yankoviç şoku

Azərbaycan çempionu “Qarabağ”ın monteneqrolu futbolçuları – müdafiəçi Marko Veşoviç və yarımmüdafiəçi Marko Yankoviç zədələniblər.

Arena.az xəbər verir ki, onlar UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan “Ludoqorets”lə (Bolqarıstan) səfər oyununda sıradan çıxıblar.

Veşoviç matçın 28-ci dəqiqəsində zədələnib. Mübarizəni davam etdirə bilməyən monreneqrolu müdafiəçini Mateus Silva əvəzləyib.

Matçın 36-cı dəqiqəsində isə “Qarabağ”ın digər monteneqrolu futbolçusu Yankoviç zədələnib. O da meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Yankoviçi isə Patrik Andrade əvəz edib.

Qeyd edək ki, ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan “Qarabağ” bu itkilərə rəğmən, səfərdə “Ludoqorets”i 7:2 hesabıyla məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 29 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 93 oyun keçirib, 7 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 48 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Marko Veşoviç isə 2021-ci ilin iyulundan “Qarabağ”da forma geyinir. 32 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisində 108 oyun keçirib, 4 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2013-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 56 oyun keçirib, 2 qol və 3 assistlə yadda qalıb.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya nəhəngi “Dinamo” (Zaqreb) ilə mübarizə aparacaq. Monteneqrolu legionerlərin bu ayın son iki həftəsinə təsadüf edəcək həmin görüşlərdə iştirakı sual altındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: