“Qarabağ”da Marko Yankoviç şoku

Azərbaycan çempionu “Qarabağ”ın və Monteneqro milli komandasının yarımmüdafiəçisi Marko Yankoviç ağır zədə alıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun qolu sınıb.

O, komandasının son məşqlərinin birində zədələnib. Yankoviç buna görə təxminən bir ay komandasına kömək edə bilməyəcək. Legionerin Avropa Liqasının pley-offunda Portuqaliya təmsilçisi “Braqa” ilə oyunlarda meydana çıxıb-çıxmayacağı da sual altındadır.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab matçı isə bir həftə sonra Azərbaycanda keçiriləcək.

Yankoviçin qış fasiləsindən sonrakı bir neçə oyunu buraxacağı dəqiqdir. Onun komandası yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. 19-cu tur çərçivəsində baş tutacaq bu oyuna saat 19:00-da start veriləcək.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Yarımmüdafiəçi Ağdam klubunun heyətində 69 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç “Qarabağ”dan öncə “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” və “Olimpiakos” kimi klublarda da forma geyinib. Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 43 oyun keçirib, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: