Azərbaycan çempionu “Qarabağ”ın 8 futbolçusu mart ayında baş tutacaq oyunlar üçün milli komandaların heyətinə çağırılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Amin Ramazanov və Nəriman Axundzadə Azərbaycanın U-21 milli komandasının Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Yığmamız martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə qarşılaşacaq. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq hər iki oyun “Azərsun Arena”da keçiriləcək.
Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığma komandasının düşərgəsinə yollanıblar. Onların komandası martın 21-də Belarus, 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Yassin Benzya da Əlcəzair milli komandasına çağırılıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə Cənubi Afrika yığması ilə yoldaşlıq matçına çıxacaq.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi məhz Ağdam təmsilçisindəki uğurlu çıxışından sonra yığmaya dəvət alıb. O, 5 il yarımdan sonra ilk dəfə millinin heyətində yer alıb. Benzya sonuncu dəfə 2018-ci ilin noyabrında Əlcəzair yığmasına çağırılmışdı.
Patrik Andrade Kabo Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçinin komandası martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.
Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvay ilə qarşılaşacaq.
“Qarabağ”ın digər qapıçısı Luka Quqeşaşvilinin dəvət aldığı Gürcüstan millisi isə AÇ-2024-ün pley-off mərhələsinin yarımfinal matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqa qalib gəlsə, final mərhələsinə vəsiqə uğrunda həlledici görüşdə iştirak edəcək.


