“Qarabağ”ın ÇL-in 2-ci təsnifat mərhələsindəki rəqibi bilindi

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı potensial rəqibləri 1-ci təsnifat mərhələsinin cavab oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” kollektivini qəbul edib.

Matç 1:0 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb. İlk görüşdə “Linkoln” səfərdə minimal üstünlüklə (1:0) qələbə qazandığından ümumi hesab bərabərləşib. Qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq oynayan “Linkoln” (5:4) kollektivi 2-ci təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-də və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Xatırladaq ki, “Linkoln” ötən mövsümdə də UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olmuşdu. Azərbaycan çempionu səfərdə bu rəqibinə 2:1, cavab görüşündə isə 4:0 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: