“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcsı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Oyunçuların fikrinin bu oyunda olmağı vacib idi. Heç bir rəqibə fərq qoymuruq. Bu gün bütün komandaların gücü bəllidir. İstənilən rəqib bir-birinə qalib gələ bilər. Sadəcə, bizim sıx qrafikimiz var. Futbolçuları nə qədər hazırlamağa çalışsaq da, yorğunluq fonunda çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları meydana da buraxmırıq. Oyunçuları qorumaq istəyirik. Belə qrafikdə olmağımız ilk deyil. Sadəcə, bu il zədəlilərimiz çox idi. İtkilər komandaya zərbədir. Qarşıdakı oyunlarda daha ciddi olmalıyıq. Bəzən risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər məğlubiyyət, heç-heçə bizə zərbə ola bilər.
Qarşımızda intizamlı komanda var idi. “Sabah”a qarşı oynamaq asan deyil. Qələbə böyük nəticədir. Hakimlər getdikcə xırda epizodlara daha çox diqqət ayırırlar. “Səbail”lə oyunda qapımıza təyin olunan penalti və başqa epizodlarda bəsit qərarlar oldu. Hakimlərə etirazımız olmayıb. Səhvlər nəticəyə böyük təsir göstərə bilər. Biz hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. İşimiz meydanda daha intizamlı olmaq və oynamaqdır”.
Qurban Qurbanov: “Son vaxtlar böyük “bazar”a girmişik”
Təcrübəli mütəxəssis heyətlə bağlı problemlərdən də söz açıb:
“Yerli oyunçu baxımından problemlərimiz var. Amin Ramazanov gənc olsa da, az oyunda iştirak etməyib. Ona güvənirik, nə qədər çox matça çıxsa, yaxşıdır. İstənilən oyunçunu meydana buraxmağa çəkinməyəcəyik. Ehtiyac olarsa, istifadə edəcəyik. Lunyova da inanırıq. İki-üç oyundan sonra özünü daha rahat hiss edər. Narahatlığım yoxdur.
Adama Diakabinin Avropa Liqasının oyunları üçün sifariş olunmaması kiçik zədələrinin olması ilə bağlıdır. Bəzən tam güclə məşq edə bilmir. Bir müddət geridönüş etmişdi, oyunlarda özünü göstərmişdi. İndi isə mikrozədələr qarşısını alır. Keçmiş formasına qayıda bilsə, ondan yenidən istifadə edəcəyik.
Transferlər demək olar ki, yekunlaşıb. Bundan sonra ancaq azad agent olan oyunçunu götürə bilərik və onun da formasının hansı səviyyədə olduğu sual altındadır. Ola bilər, dekabra qədər transfer olmasın. Ancaq yeni oyunçu istərdim. Gözləyəcəyik, axtarışda olacağıq”.
Qurban Qurbanov Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”a keçidindən də danışıb:
“Özü və klub üçün yaxşı təklif oldu. Qarşılıqlı razılaşdıq və qərara gəldik ki, getməsinə şərait yaradaq. Türkiyə Super Liqasına Azərbaycandan, “Qarabağ”dan oyunçu gedirsə, buna sevinməliyik. Son vaxtlar böyük “bazar”a girmişik. Artıq Azərbaycan futboluna maraq çoxalıb. Kadi Borges Rusiyaya, İbrahima Vadji Fransaya getdi. Onların getdikləri yerdə bizdən, ölkəmizdən danışması faydalıdır. Bu, bütün oyunçular üçün yaxşıdır. Azərbaycan futboluna maraq artır, təkliflər çoxalır. Hər oyunçuya təşəkkür edirəm. Hər futbolçu öz səhvini başa düşməli və təkrarlamamalıdır. Bu, futbolçulardan tələbimizdir. “Adana Dəmirspor”un Toral Bayramovu da transfer etmək istədiyi barədə məlumatımız yoxdur. Bizə belə təklif gəlməyib”.
Murad Musayev: “Bu tənqidlərə layiqik”
“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:
“Bu gün “Qarabağ” bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var, özümü günahkar hesab edirəm.
Optimal heyəti müəyyənləşdirmək üçün bizə nə qədər vaxt lazımdır? Bununla bağlı söz verə bilmərəm. Mən özüm meydana çıxıb futbol oynamıram. Amma bilirəm ki, bu vəziyyəti düzəltmək üçün çox işləməli, bəzi şeyləri də dəyişməliyik. Bizə bir qələbə lazımdır ki, vəziyyət düzəlsin. Bu, bizə motivasiya verəcək. Hər oyunda xarakter göstərmək lazımdır. Ötən mövsüm standart vəziyyətdən bir qol da buraxmamışdıq. Ardıcıl iki turdur ki, üç qol buraxırıq. Bu, sadəcə konsentrasiya itkisidir.
Hər şey öz əlimizdədir. İşimizi yaxşı görməliyik. Bunu bacarsaq, yaxşı nəticələr olacaq. Etməyəcəyiksə, neqativ nəticələr davam edəcək. “Zirə” ilə, “Neftçi” ilə oyunda şansımız gətirmədi demək istəmirəm. Sadəcə, bu tilsimi qırmaq lazımdır. Bəlkə başqa xarakter lazımdır. Onda qələbələr olacaq. Ötən günlə yaşayırsansa, idmanda olmaq lazım deyil.
Mən də pis gedən gedişatı dəyişmək istəyirəm. Azarkeşlərin, medianın narazılığını da anlayıram. Biz buna layiqik. Başda mən olmaqla. Siz bizi tənqid etməlisiz, narazı olmalısız. Biz özümüz də narazıyıq özümüzdən. Bu gün məndən nə asılıdırsa, onu da edəcəm ki, sabah hər şey fərqli olsun. Bəhanələr gətirərək 9 yeni oyunçumuz olduğunu demək istəmirəm. “Turan Tovuz”la, “Zirə” ilə bu cür oynamalı deyilik. Heç bir bəhanə yoxdur.
Ayaz Quliyev optimal olaraq hazır deyil. Yalnız 20-30 dəqiqə oynaya bilər. Komandaya yeni gələnlərin çoxu – Jesse Sekidika toplanış keçməyib, evdə olub, üç ay oyun təcrübəsi yox idi, məşq etməyib. İshak Belfodil sonuncu dəfə 3-4 ay əvvəl oynayıb, hazır deyil. Sifariş ərizəsində də ola bilməz. 3-4 həftə hazırlaşmalıdır. Jarl Marqarita da toplanış keçməyib. Vaxt lazımdır ki, formaya düşsünlər”.


