Qurban Qurbanov: “Avropada bizə diqqət artır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya komandaları arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.

Qurban Qurbanov bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah biz də ilk oyunumuza çıxacağıq. Heyətimizdə dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Yeni transferlərdən kimlər heyətə tez qoşulublarsa, onlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi var.

Mən püşkatmada heç vaxt rəqiblərə fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq”.

Qurban Qurbanov komandanın əsas qol silahlarından olan Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna keçməyə yaxın olduğunu da təsdiqləyib:

“Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür. Duran bizim əsas oyunçumuz idi. Avrokubok oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı.

Yeni transferlərdən bəziləri sabah meydanda olacaq. Heyətdəki digər oyunçulardan ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm. Elvin Cəfərquliyevə gəlincə, onun sabah oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik”.

“Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu da bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, “Qarabağ”ı qarşılaşacaqları ən güclü komanda adlandırıb:

“Belə güclü bir komandaya qarşı oynamaq çox həyəcanvericidir. Komandam üçün çətin oyun olacaq. Lakin öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”da oyunçular dəyişsə də, baş məşqçi eynidir. Əminəm ki, onlar baş məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun üslubu baxımından dəyişiklik yoxdur. Bu, Çempionlar Liqasında izlədiyimiz eyni oyundur. Mən futbolu sevirəm və “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar haqqında məlumatlı idim.

Azərbaycan gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. “Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır. Oyunla bağlı planlarımı açıqlamaq istəmirəm. “Qarabağ” topla fəal oynayır, hücum edir və texnikalıdır. Bəlkə də əks-hücumlara üstünlük verəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm”.

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyununa saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: