“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Tottenhem”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu İngiltərə təmsilçisi ilə bu gün səfərdə qarşılaşıb.
Londondakı “Tottenhem” stadionunda baş tutan qarşılaşmada Qurbanovun çalışdırdığı kollektiv 0:3 hesablı məğlubiyyətə üzülüb. Təmsilçimizin çalışdırıcısı oyundan sonra keçirilmiş mətbuat konfransında məğlubiyyətə belə şərh verib:
“Bəlkə də, bu gün 0:3 hesabı ilə məğlub olmağa layiq deyildik. Çünki xeyli sayda qol şansımız oldu. Bu gün təcrübə və ustalıq qalib gəldi. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər. Rəqibin azlıqda qalması bizə bir az rahatlıq verdi. Bilirsiniz ki, dünyanın ən güclü çempionatı İngiltərədə keçirilir və “Tottenhem” də həmişə liderlər sırasında olub. Futbolçularımız bunu dərk edirdilər və istər-istəməz bir az həyəcan var idi. Mənə elə gəlir ki, bu amil mane oldu”.
Qurban Qurbanov matçdan əvvəl komandanın tıxacda qalmasının və stadiona gec çatmasının nəticəyə təsir etdiyini söyləyib:
“İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.
Xatırladaq ki, daha öncə Bakı vaxtı ilə saat 23:00-da başlamalı olan bu oyun “Qarabağ”ın arenaya gec gəlib çatması səbəbindən 23:35-də başlayıb.
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu da matçdan sonra öz fikirlərini paylaşıb. O, komandasının qələbəsinə belə şərh verib:
“Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Qırmızı vərəqəyə kimi ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Radu Draquşin buna görə cəzalandı. Bundan sonra reaksiyamız yaxşı oldu. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım. Brennan Conson bizim üçün vacib oyunçudur. O, hücumda Son Hım Min və Dominik Solanke ilə yaxşı çıxış etdi”.