“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü raundunda “Dinamo”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna komandalarının bu gün Bakıda baş tutmuş görüşü “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda Kiyev təmsilçisi 1:0 hesablı qələbəni bayram etsə də, iki oyunun nəticəsinə əsasən pley-offa yüksələn tərəf Ağdam klubu olub. Qurban Qurbanov cavab matçından sonra mətbuat konfransında komandanın layiqincə mübarizə apardığını bildirib:
“Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də “Dinamo”ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram”.
Mütəxəssis qapıçı Mateuş Koxalskinin komandadan ayrılması ilə bağlı fikirlərə münasibətini bildirib:
“Koxalskinin komandadan getməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Sadəcə, bu matçda digər qapıçıya da şans verməyi düşündüm. Çıxışından razı qaldım”.
Qurban Qurbanov pley-off mərhələsindəki şansları dəyərləndirib:
“Şansımız var. İki oyun keçirəcəyik. Bu şanslardan maksimum yararlanmağa çalışacağıq. Çatışmazlıqlar var. Hər mövqeyə ən azı bir oyunçu əlavə olunmasına ehtiyacımız var”.
“Qarabağ” “Dinamo”nu iki oyunun nəticəsinə əsasən (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq pley-offa adlayıb. “Qarabağ” pley-offda Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.


