“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Hakken”ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün İsveçdə baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
“Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də, “Hakken”in ilk oyundakı 0:4 hesablı məğlubiyyəti hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya xüsusi diqqət olunmalıdır. Futbolçularım meydanda ən yaxşısını etməyə çalışacaq”.
Yeri jurnalistlərdən biri Qurbanova “Minlərlə insan Qarabağdan köçürlər. Bu, kluba necə təsir etdi?” sualı ilə müraciət edib. Baş məşqçi onun cavabını belə verib:
“Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə kömək lazımdırsa, edirik. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır”.
Qurbanov səfər matçında mümkün təxribatla da bağlı fikirlərini bölüşüb: “Əvvəllər belə hallar olub. Dəfələrlə bunun şahidi olmuşuq. Futbolçularla daim bu haqda söhbətimiz baş tutur. Çünki biz Azərbaycanı təmsil edirik. Çalışmışıq ki, özümüzü intizamlı klub kimi aparaq. Bu o demək deyil ki, kimdənsə qorxuruq, çəkinirik. Sadəcə, çalışmışıq ki, özümüzü idman prinsiplərinə uyğun aparaq və ölkəmizi layiqincə təmsil edək. Burada tək oyunumuz deyil, meydanda və meydandan kənardakı davranışımız da çox vacibdir. İstənilən təxribata öz reaksiyamızı göstərmişik. Bunu da çox intizamlı formada etmişik. Təxribatlara ancaq qorxaqlıq kimi baxıram. Bizim üçün bunun önəmi yoxdur. Sadəcə reaksiya verməli deyilik. Amma lazım olanda, reaksiya da veririk”.
“Hakken”ə öz oyununu oynamağa imkan verməməyi planlaşdırırıq”
Qurban Qurbanov komandasının cari mövsümdəki hədəflərindən də söz açıb:
“Böyük təcrübəyə malikik. Neçə illərdir ki, Avroliqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdir. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız böyük olsa da, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdir. Dəfələrlə demişəm ki, qarşımızda mütləq qrupdan çıxmaq və ya 1/8 finala qədər getmək kimi hədəflər yoxdur. Amma hansı turnirdə iştirak ediriksə, həmin turnirdə ən yaxşılardan olmağa çalışırıq. Hazırda əsas hədəfimiz qarşıdakı oyunda intizamımızı qoruyub-saxlamaqdan ibarətdir. Belə olduqda, nəticə mütləq gələcək. Bu cür turnirlərdə bəzən düşünmədiyin nəticələr olur. Rəqib də düşünmədiyin oyunu qurur. “Hakken”ə öz oyununu oynamağa imkan verməməyi planlaşdırırıq. Onda yaxşı nəticə əldə edə bilərik. Çox istəyərdik ki, üç xal qazanaq. Amma bu oyunda bir xal da bizə sərf edəcək. İstənilən halda, qrup mərhələsinin sonunda bilinəcək ki, bu matçda 1, yoxsa 3 xal sərfəli olardı”.
Təcrübəli mütəxəssis indiyə qədər qazandıqları uğurların sirrini də paylaşıb: “Qarabağ adı bizim üçün çox önəmlidir. Qazandığımız uğurlar işgüzarlığın, rəhbərliyin bu klubu qoruyub-saxlamaq üçün əlindən gələni etməsinin nəticəsidir. Əlimizdə olan şərtlərlə komandanı qorumağa çalışdıq. İş saatımız çox oldu, klub olaraq çox əziyyət çəkdik. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundadır. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazı. Razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlardan bu, alınmayıb. Bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı”.
“Azərbaycana xoş nəticə ilə qayıtmaq istəyirik”
Mətbuat konfransına qatılan “Qarabağ”ın fransız vingeri Abdullah Zubir də fikirlərini bölüşüb: “Həftəboyu yaxşı hazırlaşmışıq. “Hakken” çox yaxşı komandadır. Çox yaxşı oyun qururlar. Sürətli, keyfiyyətli oyunçuları var. Amma bütün bunlara baxmayaraq, bura inamlı gəlmişik. Azərbaycana xoş nəticə ilə qayıtmaq istəyirik. “Qarabağ” böyük klubdur. Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etmək niyyətindəyəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdəm gələni edirəm ki, yerimdə saymayım”.
“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq”
“Hakken”in baş məşqçisi Per-Matias Höqme də Ağdam klubu ilə oyundan öncə mətbuat konfransı keçirib. İsveç təmsilçisinin 63 yaşlı çalışdırıcısı bunları söyləyib:
“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq. Çünki rəqibimiz güclü kollektivdir. “Qarabağ” öz meydanında “Molde”ni çox yaxşı oyunla məğlub etdi. Biz isə doğma arenamızda ilk matçımıza çıxacağıq. Rəqib uzun illərdir avrokuboklarda sabit çıxış edir. Buna baxmayaraq, özümüzü görüşə tam hazır sayırıq. Maraqlı mübarizə olacaq”.
Xatırladaq ki, sabah “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


