“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandamı rəbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda vacib 3 xal qazandıq. Meydanda intizamlı və oyunu yaxşı təhlil edən iki komanda var idi. İlk qolu kim vursaydı, oyunun nəticəsi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Oyuna nəzarəti sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm.
Filip Ozobiç meydanda ən çox qaçan oyunçulardandır. Ola bilsin, bəzi epizodlarda zonasını tez ala bilmirdi. Ozobiçidən daha çox əks-hücumlarda yararlanırıq. Bəzi epizodlarda düşündüyümüz kimi alınmaması kommunikasiyalardan asılı oldu. Çox intizamlı komandaya qarşı oynadığımız üçün ola bilsin, belə alındı”.
Qurban Qurbanov bu oyunda çoxlu qol epizodu yarada bilməmələrini belə izah edib: “Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələrədək çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər”.
Baş məşqçi ilk yarıda zədələnən Toral Bayramovun durumuna da aydınlıq gətirib: “Toralın ayağında şiş oldu. Rəqib oyunçu ona epizod zamanı xəsarət yetirdi. Durumuna sabah aydınlıq gələcək. Ağrılar olmasa, ola bilər ki, 4-5 gün meydandan kənarda qalsın.
Bədavi Hüseynov qarşıdakı matçlarda daha yaxşı bərpa olunaraq, meydana çıxacaq. Sadəcə, indi ilk dəqiqələrdən riskə getmirik. Milli komandaların oyunları ilə əlaqədar verilən fasilədən sonra onlardan yararlana biləcəyik. Onun qayıdışından sonra hər şey futbolçuların özlərindən asılı olacaq. Kim sabit çıxış edəcəksə, start heyətdə meydana çıxacaq. Rəqabətin yüksək olması önəmlidir. Xayme Romeronun da zədə müddəti başa çatıb. Bir aydan sonra meydana tədricən buraxmağı düşünürük. Amma tam oynayacağını indidən demək çətindir”.
“Hər bir idmançıda motivasiya daxilində olmalıdır”
“Sabah”ın baş məşqçisi Murad Musayev isə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Qarabağ” layiqli qələbə qazandı. Onların güclü tərəflərinə qarşı istədiyimiz arqumentləri qoya bilmədik. İlk hissənin ortalarınadək bərabər oyun getdi. Rəqib qapısı qarşısında yaxşı fürsətlərimiz oldu. Lakin qol buraxdıqdan sonra kəskin və aqressiv deyildik. Sonda bu, bizə bərabərlik qolu vurmaq üçün yetərli olmadı. Fərqlənə bilməməyimizdə də bu amil çatmadı.
Rəqib futbolçuların adından çəkindik. Oyunun gedişatı elə idi ki, daha aqressiv çıxış edə bilərdik. Hətta müsbət nəticə də əldə etməyimiz mümkün idi. 0:5 hesabı ilə də uduzmaq olar. Sadəcə, mental cəhətdən hazırlıqlı deyildik. Daha aqressiv, daha cəsarətli oynamalı idik. Bu da məşqçilərin işidir. Mən məsuliyyəti üzərimdən atmıram”.
Musayev real qol vəziyyəti yarada bilməmələrinin səbəblərini də açıqlayıb: “Bunun birinci səbəbi rəqibin gücündədir. Digər tərəfdən, bəzi epizodlarda düzgün oynamadıq və rəqibə hədsiz hörmətlə yanaşdıq. Həm də hazırda optimal heyətimiz yoxdur. Xuan Kamara 3 oyundan, Kristian Sebalyos isə 4 aydan sonra meydana çıxdı. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi bizi çətin vəziyyətə saldı. Limitə görə, mərkəz müdafiəçimiz yox idi. Ona görə iki əvəzləmə etməli olduq ki, limit pozulmadıq. Bu məqam olmasaydı, hücumu gücləndirmək üçün meydana daha bir futbolçu da buraxa bilərdik.
Son oyunlarda qış fasiləsindən əvvəlki kimi çıxış edə bilmirik. Coy-Lens Mikels də bu səbəbdən, meydanda pis təsir bağışlayır. Üstəlik, rəqiblər onun oyun üslubunu yaxşı öyrəniblər. Fikrimcə, Mikelsin çıxışındakı geriləmə bununla bağlıdır. Əminəm ki, ümumi oyun keyfiyyətimizi yüksəldəndən sonra onun daha çox qol imkanı olacaq”.
Gənc mütəxəssisin fikrincə, “Sabah”ın hazırkı durumunda futbolçuları motivasiya etməyə ehtiyac yoxdur: “Motivasiya ilə bağlı sual qəribədir. Motivasiyan yoxdursa, futbolu qurtar, get, başqa sahədə çalış. Hər bir futbolçu ilə danışsan, deyəcək ki, inkişaf etmək, xaricə getmək, millidə oynamaq istəyirəm. Lakin bunun üçün hər gün məşqlərdə və oyunlarda çalışmalısan. Kimdəsə motivasiya yoxdursa, ümumiyyətlə, bura gəlməsin. Bu mövsüm ola bilsin, nəyisə etmək bir az çətin olacaq. Amma mövsümün qalan hissəsi göstərəcək ki, kiminlə davam edə bilərik, kiminlə yollarımızı ayıracağıq. Hər bir idmançıda motivasiya daxilində olmalıdır. İdmançısansa, kişisənsə və özünə inamın varsa, hətta məşqlərdə, ikitərəfli oyunlarda belə, udmağı düşünməlisən. Təkcə futbolda deyil, hətta nərddə də, kartda da”.


