Qurban Qurbanov: “Minimum hədəfimizə çatdıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln”la cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu gün doğma meydanda qarşılaşdığı Cəbəllüttariq təmsilçisini 5:0 hesabı ilə məğlub edib.

Səfərdə baş tutmuş ilk oyunda da 2:0 hesabıyla qalib gəlmiş Ağdam klubu ÇL-də 3-cü raunda yüksəlib. Qurbanov cavab matçından sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Olimpiya çempionumuzu (Hidayət Heydərovu nəzərdə tutur – red.) təbrik etmək istəyirəm. Dünən baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Olimpiya oyunlarındakı bütün idmançılarımıza uğurlar arzulayıram. Hidayət Heydərova da uğurlar arzulayıram, ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər.

Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkürlər, sayları çox idi. Digər klublarımıza da uğurlar arzulayıram.

Komanda olaraq qarşıya qoyulan minimum hədəfimizə çatdıq. Amma azarkeşlər bundan razıdırmı? Yox. Özümüz də razı qala bilmərik. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır”.

Qurban Qurbanov bu oyunu canlı izləyən ukraynalı futbolçu, “Sabah”ın sabiq üzvü Aleksey Kaşukun Ağdam klubuna mümkün keçidi barədə sualı isə belə cavablandırıb:

“Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib”.

“Qarabağ”ın baş məşqçisi növbəti mərhələdəki mümkün rəqiblər barədə də fikirlərini bölüşüb: “Ludoqorets”lə “Dinamo”nun ilk oyunlarına baxmışam. Çünki hər ikisi hər bir halda, rəqib ola bilərdi. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. Hiss olunur ki, “Ludoqorets” daha yaxşı komandadır, Avropa təcrübəsi var. “Dinamo”nun da aqressiv, aktiv, cavan oyunçuları çoxdur. Çox istəklidirlər. Bizə kimin rəqib olacağını gözləyib, görəcəyik”.

“Qarabağ” həddindən artıq güclü idi” – Xavyer Munyos

“Linkoln”un baş məşqçisi Xavyer Munyos isə komandasının Bakıdakı darmadağınına belə şərh verib:

“Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızı bilirdik. Rəqib həddindən artıq güclü idi. Dünən də qeyd etmişdim ki, güclü komandanız var, Qurban Qurbanov çoxdandır burdadır və futbolçular bir-birini çox yaxşı anlayır. Bəlli ideyası, strategiyası olan rəqibdir. Bu komandada olan istedadlı futbolçular, performansa görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq lazımdır, mərhələlər keçmək gərəkdir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: