“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü raundunda “Şkendiya”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı cavab görüşü bu gün Bakıda keçirilib.
Səfərdə 1:0 hesablı qələbəyə sevinmiş Ağdam klubu doğma meydanda da 5:1 hesabıyla qalib gəlib. Qurban Qurbanov UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəldikləri qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşürlər. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları özlərini çox intizamlı, alicənəb aparırdılar.
Futbol indi elə səviyyəyə çatıb ki, istənilən oyunda 3-5 qolluq oyun ola bilər. Bu cür qalibiyyətlər xoş olur. Belə hesabla qələbəni gözləmirdim, amma istəyirdim”.
Qurban Qurbanov bu oyunda debüt imkanı yaratdığı Hikmət Cəbrayılzadə haqda da fikirlərini bölüşüb:
“Bir neçə aydır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Onların potensialına baxırıq. Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı fiziki qabaritləri var. Daha çox çalışmaq lazımdır. Amma ansambla uyğun futbolçu olub. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Amma inanın ki, onu tam əminliklə komandaya götürmüşəm. Əsas odur ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi digər oyunçulara da şans yaradacağıq”.
Qurban Qurbanov ÇL-in pley-offunda “Ferentsvaroş” və ya “Ludoqorets”dən hansına rəqib olmaq istədiyinə dair sualı da cavablandırıb:
“İnanın ki, heç düşünmürəm. Onları bir-birindən ayırmaq istəmirəm. ÇL-in pley-off mərhələsi qrup deməkdir. Arzuladığım rəqib yoxdur. Xeyirlisi hansıdırsa, o da olsun. Kim olsa, hazırlaşacağıq” – deyə Qurban Qurbanov bildirib.
“Qarabağ” qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar”
“Şkendiya”nın baş məşqçisi Jeton Beqiri isə Bakıdakı məğlubiyyətə belə şərh verib:
“İlk növbədə “Qarabağ”ı və azarkeşlərini təbrik edirəm. “Qarabağ” qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar. Oyuna gəldikdə, 1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. “Qarabağ”a uğurlar arzulayıram.
Bu məğlubiyyətdə çox səbəb var. Ən birinci problem odur ki, erkən qollar buraxdıq. Bu problemləri həll etməliyik. Bizim çempionatla müqayisədə UEFA Çempionlar Liqasında gərginlik çox yüksəkdir.
1:5 hesablı məğlubiyyəti gözləmirdik. Daha yaxşı oynayıb, daha yaxşı nəticə qazanmaq istəyirdik. Bizim üçün əhəmiyyətli olan təcrübələrdən dərs çıxarmaqdır. Bu oyunlardan nəsə öyrənməyə çalışacağıq”.


