Qurban Qurbanov və Azər Məmmədov darmadağından danışdılar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin 51 yaşlı mütəxəssis 7:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi. Meydanda bunlardan istifadə etməyi çox istəyirdik. Çox olmasa da, alınan epizodlar oldu. Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişdik. Komandamı təbrik edirəm.

Yassin Benzya bu gün ilk het-tririkinə imza atdı. Futbolçu nə qədər çox qol vursa, assist etsə, ona inam verir, həvəsləndirir. Bura gələnə qədər paltardəyişmə otağında onun söhbəti oldu. Futbolçular dedi ki, Benzya ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Amma bir az çox mükafat verəcəyəm. Het-trik etməyin hansısa futbolçuya müsbət təsiri olur, kiməsə mənfi. Amma Benzya təcrübəlidir. Onun yaxşı formaya düşməsi üçün qolların faydası olacaq. Təbrik edirəm onu.

Qurbanov uğursuz çıxış edən “Kəpəz”in durumuna da toxunub: “Futbolda belə nəticələr olur. Bundan sonra uğurlu oyun sərgiləsələr, hər şey tam əksinə ola bilər. Azərə inanıram. İlk matçda onlarla 1:1 oynamışdıq. “Kəpəz” “Neftçi”yə qalib gəlmişdi, “Sabah”la bərabərə qalmışdı. Çempionluq uğrunda oynayan komandalardan xal alıblar. Deməli, onların potensialı var. Uğursuzluq zolağıdır. Çıxacaqlar. Azərə və “Kəpəz”ə uğurlar arzulayıram”.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri oyundan da söz açıb: “Güc olaraq “Bayer” bizdən çox yuxarıdadır. Çempionat və heyəti, klub olaraq çox ciddi addımlar atıblar. Nəticəsini də görürlər. Dəfələrlə istəmişik ki, belə rəqiblərə qarşı yaxşı oynayaq. Bizim də buna şansımız var. Bakıda doğma stadionumuzda oradakı matçdan daha yaxşı oynamağa çalışacağıq. Bu cür komandalar istənilən matça nəticəni təmin etsələr də, tam ciddi yanaşırlar. Bizi ciddi oyun gözləyir. Burada daha aktiv, daha yaxşı oyun göstərməyi çox istəyirik. Rəqib nə qədər buna imkan verəcək, görəcəyik”.

“Zədəlilərimizin çox olmasının xüsusi bir səbəbi yoxdur”

Qurban Qurbanov zədəli futbolçuların durumundan da söz açıb:

“Mateus Silva “Bayer”lə oyuna tam hazır olmayacaq. Adı “23-lük”də yer ala bilər. Amma Andrey Lunyovun hazır olma ehtimalı çoxdur. Sabahdan komanda ilə məşqlərə başlayacaq. Görək həkimlər nə deyəcək. Zədəlilərimizin çox olmasının xüsusi bir səbəbi yoxdur. Sadəcə, yüklənmələr çoxdur. Hansısa dözür, hansısa yox. Bu mövsüm ciddi zədə Marko Veşoviçdə olub. Abbas Hüseynov ötən mövsümdən zədəli idi. Digər zədəlilərimiz qaydasına düşür. Mateus da sabahdan komandaya qoşulacaq. Futbolun silinməyən qaydalarıdır. Ya hazırlıqsızlıqdan olur, ya da yüklənmədən. Birinciyə görə olsaydı, narahat olardım. Amma yüklənmələrdəndir. İşimizi daha da ehtiyatlı tutmalıyıq”.

Azər Məmmədov: “Kəpəz”dən getməyi düşünürəm”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının acınacaqlı məğlubiyyəti barədə bunları söyləyib:

“Çox üzücü məğlubiyyətdir. Amma reallıq var. “Qarabağ” bizdən qat-qat üstündür. Onların əsas heyətinə qarşı oynamaq hər komanda üçün çətindir. Əsasən də bizim üçün. Uşaqlar nəsə etməyə çalışdı. Amma çalışmaqla bərabər, əzmkarlıq da çatışmırdı. “Qarabağ”a qarşı ancaq əzmkar olsan, nəticə qazana bilərsən. Onlarla 1:1 oynayanda, əzmkarlıq göstərmişdik. Bu gün əzmkarlıq, mübarizlik çatışmadı. Komanda sonuncu pillədədir. Bu yerdə olan komandanın nəticələri ürəkaçan olmur. Hər şeyə rəğmən çalışmışam ki, texniki zonada dik dayanım. Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm. Sadəcə, bu gün özümü narahat hiss etdim. Uşaqlara səs tonu lazım idi, mən bacarmadım, Etibar müəllimə həvalə etdim. Bu gün rəhbərliklə görüşəcəyəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq. Getmək haqda düşünürəm. Düşünmürəm desəm, yalançı olaram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: