“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Sabah”a qarşı səfərdə keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 7:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. Oyunun sonuna kimi dinamikanı qoruyub-saxladılar. Qarşımızda istəkli bir komanda var idi. Üstünlüyümüz etdiyimiz rotasiyalarda idi. Əvvəlki oyunumuzdan üç gün vaxt keçmişdi. “Kəpəz”lə matçda rotasiya etmişdik. Meydanda hazırlıqlı futbolçuların sayı bizdə daha çox idi. “Sabah” yorğun görünürdü. Buna baxmayaraq, bu komanda məğlub olmağı sevmir. Hesab 1:4, 1:5 olandan sonra da qapımızda xeyli qol epizodları yaratdılar. Müdafiədə oturmadılar, əksinə üstümüzə gəldilər.
Belə hesablar istənilən çempionatda, hətta böyük oyunlarda da qeydə alınır. Arxayınlaşmalı deyilik. Bu gün belə hesab oldu, amma “Kəpəz”lə oyunda son saniyələrdə qələbə qazandıq. Futbolda bəzən düşünmədiyimiz nəticələr olur”.
Qurban Qurbanov Aleksey İsayevin keçmiş komandası “Sabah”a qarşı oynamamasının səbəbini də açıqlayıb. O, həmçinin bəzi futbolçuların performansına da qiymət verib:
“Sabah”la “Qarabağ” arasında centlmensayağı anlaşma olmuşdu ki, aramızdakı kubok oyunlarında Aleksey iştirak etməsin. Biz də danışığımıza əməl etdik.
Abdullah Zubir solda oynamasına baxmayaraq, mən ondan “10 nömrə” kimi də istifadə edirəm. Onda bu qabiliyyət var. Çox oyunlarda bizdə meydanda iki “10 nömrə” olur.
Mateus Silva niyə mərkəz müdafiəçisi kimi oynadı? Bəzi oyunçular olur ki, onda o potensialı görürsən və bəzi oyunlarda lazım olanda fərqli mövqelərdə istifadə edə bilirsən. Mateus da onlardan biridir. Onu mərkəz müdafiəçisi kimi görmək mənim üçün maraqlı idi. Maksim də sağ cinah müdafiəçisi idi. Yavaş-yavaş mərkəz müdafiəçisi oldu. Sanki, Mateusda bu qabiliyyət var.
Adama Diakabiyə gəlincə, onun futbolçu bacarıqlarına şübhə yoxdur. Sadəcə, mikrozədələri olur. Yaxşı səviyyəyə gəlib çatır, sonra zədə onu geri salır. Yanvardan etibarən sağlamdır, hələ problemi olmayıb. Bu tempdə davam etsə, yenidən futbola qayıdar. Oynamamağı onun üçün böyük zərbə idi. Ustalığını lazım olanda dərhal göstərə bilir”.
“Günahkar özümüzük, günahkar mənəm” – Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev isə komandasının biabırçı yenilgisinə belə şərh verib:
“Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük. İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi.
Təbii ki, 1:7 ağır nəticədir. Bunun növbəti oyunlarda çıxışımıza təsir edib-etməyəcəyini bilmirəm. Amma bütün bunların öhtəsindən gəlməliyik.
Bu ağır məğlubiyyətə görə yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram”.


