Qurban Qurbanov: “Yerli futbolçularla çox ciddi maraqlanırıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 16-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 6:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qalibiyyət əldə olundu. “Sumqayıt” ilk dəqiqələrdən sürətli hücumlara çıxdı, pressinq tətbiq etdi və oyunun tempi daha yüksək oldu. “Sumqayıt”a təşəkkür edirəm. Böyükhesablı qalibiyyət olsa da, çox istərdim ki, oyundan qopmayaq. Bəzi epizodlar oldu ki, bunu qoruyub saxlaya bilmədik. Əlbəttə, buna rəqib məcbur edir. Amma çalışmalıyıq ki, oyun intizamını sonadək saxlayaq. “Sumqayıt” son vaxtlar yaxşı nəticələri, oyunu ilə seçilir. Bu gün zədəliləri, çətinlikləri var idi. Azarkeşlər üçün maraqlı, baxımlı oyun oldu. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm, “Sumqayıt”a uğurlar arzulayıram. Hər görüşə belə motivasiya ilə çıxmaq istəyirik. Bəzən alınır, bəzən alınmır. “Sumqayıt” öz oyunu ilə məcbur edir ki, belə motivasiyalı olaq, dinamik futbol göstərək. Bu, çox yaxşı haldır. Belə nəticə göstərən komandaya qarşı diqqətli olmalıyıq. Bütün rəqiblərə qarşı belə ciddi hazırlaşırıq. Amma bəzi komandalar tempi saxlamağa şərait yaratmır. “Sumqayıt” isə öz oyunundan əl çəkmədi ki, bu da sevindiricidir”.

Qurban Qurbanov meydandakı gərginlik, Marko Veşoviçin zədəsi və yerli oyunçu transferinə də toxunub: “Komandamızın çox rahat oynadığını deməzdim. Hesab 3:0 olanda da gərginlik var idi. Futbolçular sanki həyəcanlı idi. Bu matçla “Hakken”lə görüşün heç bir asılılığı yoxdur. Başqa-başqa turnirlərdir. Qarşıda 5 gün vaxtımız var ki, rəqibi futbolçulara tanıdıb, proqramla çalışaq. Ümidvaram ki, Veşoviçdə ciddi zədə olmaz. Əzələsində gərginlik hiss etdi və həkimlərə bildirdi. Sabah tam bilinəcək. Yerli futbolçularla çox ciddi maraqlanırıq və ilboyu izləyirik. Maraqlandığımız bəzi oyunçular olsa da, onların öz klubları var. Danışıqlar apardığımız futbolçular olub, amma klubları razılaşmayıb. Ona görə də alınmayıb. Çox istərdik ki, qışda və ya yayda bir neçə yerli oyunçu qataq. Emil Səfərov maraqlandığım futbolçulardan biridir, lakin keçidlə bağlı danışıq olmayıb”.

“Start heyətini düzəltməyə futbolçumuz yoxdur”

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov isə ağır məğlubiyyətdən sonra bunları söyləyib:

“Zədəlilərimiz var idi. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Növbəti iki oyunda toparlanıb, əlimizdən gələni edəcəyik. Göz oxşayan futbol oynamağa çalışırıq ki, azarkeşlərimiz gözəl oyun görsünlər. Qapanmaqla məğlubiyyətdən qaçmaq mümkün deyil. Doğru futbol oynamaq istəyirik. Düzdür, hesab böyük oldu. Amma bu o demək deyil ki, qapansaydıq, hesab kiçik olacaqdı.

Mossi yarımmüdafiəçi olsa da, bu gün özünə yad olan mövqedə, mübafiənin mərkəzində oynayırdı. Amma bu məğlubiyyətə görə günahı tək onun üzərinə atmaq olmaz. Bəzi qollarda onun səhvləri var idi. Amma onu qınayası deyilik. Məcburiyyətdən onu orada oynatdıq. Start heyətini düzəltməyə futbolçumuz yoxdur. Çətin dönəmdəyik. Zədəlilərimiz çoxdur. İkinci hissədə gənclərə şans verdik. Amma elə mövqe var ki, oranı əvəz edəcək oyunçu əvəzedici heyətdə də yoxdur. Həssas mövqelər var ki, ora üçün akademiyada da oyunçu yoxdur. Bu durumdan komandanı çıxaracağıq. Fasiləyə qədər son iki oyun vacibdir. Komanda toparlanıb, lazım olan nəticəni əldə edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: